Rusiyada daha üç hava limanında mülki aviasiyanın fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) yaydığı məlumata görə, Orenburq, İjevsk və Kirov hava limanlarında təyyarələrin qəbulu və yola salınması dayandırılıb.
Məlumata əsasən, Orenburq hava limanında məhdudiyyət Moskva vaxtı ilə saat 07:13-dən (Bakı vaxtı ilə 08:13), İjevskdə 07:14-dən (08:14), Kirovda isə 07:16-dan (08:16) qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl də Rusiyanın bir sıra hava limanlarında analoji məhdudiyyətlər tətbiq olunmuşdu. Ufa, Çeboksarı, Kazan, Nijnekamsk, Buqulma, Samara, Ulyanovsk, Penza və Saratov hava limanlarının fəaliyyəti məhdudlaşdırılmış, Soçi hava limanında tətbiq edilən məhdudiyyət isə sonradan ləğv edilərək hava limanı normal iş rejiminə qayıtmışdı.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)