Fermerləri sevindirən nəticə: Məhsuldarlıq artıb

29 İyul 2026 17:04

Azərbaycanda taxıl biçininin böyük hissəsi artıq başa çatıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyulun 28-nə olan vəziyyətə əsasən, əkin sahələrinin 92,6 faizi biçilib.

Milli.Az xəbər verir ki, nazirliyin sektor müdiri Şövqi Lələşov bildirib ki, mövsüm ərzində təxminən 890 min hektar sahədən 3 milyon 584 min tondan artıq taxıl yığılıb. Hazırda orta məhsuldarlıq 34,4 sentner/hektar təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 sentner çoxdur.

Onun sözlərinə görə, buğda sahələrinin 88,7, arpa sahələrinin isə 96,1 faizi biçilib. Orta məhsuldarlıq buğda üzrə 36,9, arpa üzrə isə 32,2 sentner/hektar səviyyəsindədir. Artıq 22 rayonda biçin tam yekunlaşıb.

Ş.Lələşov qeyd edib ki, əldə olunan nəticələr əvvəlcədən verilən proqnozlara uyğundur və biçin tam başa çatdıqdan sonra yekun göstəricilər açıqlanacaq.

Nazirlik rəsmisi əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə də taxıl biçini plan üzrə davam edir və məhsuldarlıq gözlənilən səviyyədədir. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)