Mətbuatda xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçkiləri ilə bağlı AKİ-nin bir qrup tanınmış kino xadimləri bəyanatla çıxış edərək yaranmış vəziyyətin səbəbləri barədə ictimaiyyətə obyektiv informasiya çatdırmışlar.
Bildirilmişdir ki, mərhum Xalq artisti Rasim Balayevin uzun sürən xəstəliyi və sonradan vəfatı ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə yolu ilə sədr səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir. Buna baxmayaraq, İttifaqda "İcraçı katib" vəzifəsini tutan, son dövrlərdə isə sabiq sədrin etibarından sui-istifadə edərək, faktiki idarəçiliyi həyata keçirən Əli İsa Cabbarov seçkidə şəffaflıq prinsiplərini gözləmədən, 26.05.2026 tarixində məhdud sayda üzvlərin iştirakı ilə təcili toplantı keçirib özünün "sədr" seçildiyini bəyan etmişdi.
Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həmin toplantının qanunvericiliyin və İttifaqın Nizamnaməsinin tələblərinə uyğun keçirilmədiyi, kvorumun təmin olunmadığı və digər prosedur pozuntularına yol verildiyi müəyyən edilərək, sözügedən "seçki" legitim hesab edilməmiş, qəbul olunan qərarlar hüquqi qüvvəyə minməmiş və Əli İsa Cabbarovun "sədr" statusu təsdiqlənməmişdir.
Eyni zamanda Azərbaycan Respublikasının Hesablama Palatası İttifaqın maliyyə fəaliyyətini araşdıran zaman sədr səlahiyyətlərini mənimsədiyi bildirilən "icraçı katib"in rəhbərlik etdiyi dövrdə dövlət büdcəsindən AKİ-yə ayrılmış vəsaitlərin bir hissəsi İttifaqın Nizamnaməsinin tələblərinə zidd olaraq Katiblik və İdarə Heyəti ilə razılaşdırılmadan xərcləndiyi üzə çıxmışdır. Hesablama Palatasının təqdim etdiyi arayışda konkret faktlar əsasında dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin təyinatı üzrə istifadə olunmadığı və digər məqsədlərə yönəldildiyi göstərilmişdir.
Bütün bunlarla əlaqədar 14.07.2026-cı ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri, Katibliyin üzvləri, Xalq artistləri, Əməkdar incəsənət xadimləri, Əməkdar artistlər, rejissorlar, ssenaristlər, operatorlar, kinoşünaslar və İttifaqın digər nüfuzlu üzvlərinin iştirakı ilə geniş toplantı keçirilmişdir. Aparılan müzakirələrin yekununda iştirakçılar yekdilliklə qərara almışlar ki, "icraçı katib" Əli İsa Cabbarovun qanunvericiliyin və Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnaməsinin tələblərinə zidd hesab edilən hərəkətlərinə hüquqi qiymət verilməsi zəruridir. Odur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmiş, qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılması və qanuni tədbirlərin görülməsi xahiş olunmuşdur.
Təəssüflə qeyd edirik ki, "icraçı katib" və bir neçə tərəfdarı yenə də proseslərdən nəticə çıxartmayaraq, dövlət qurumlarının rəyini qəbul etmir, Hesablama Palatasının araşdırmasının əhəmiyyətini inkar edir, təcrübəli kino xadimlərinin və ziyalıların çağırışlarını nəzərə almır və yenidən hüquqazidd cəhdlərini davam etdirirlər. Onların sosial mediada mütəmadi olaraq qarşı tərəfə ünvanlanmış qeyri-etik, təhqiramiz yayımları, təcili sədr seçkisilərinin vaxtını təyin etmək üçün 30 iyul 2026-cı il tarixinə AKİ İdarə Heyətinin iclasını çağırmaq təşəbbüsləri və s. belə cəhdlərdəndir.
Bir daha bəyan edirik ki, hazırda məsələ ilə bağlı müvafiq dövlət hüquq-mühafizə orqanlarında zəruri araşdırmaların aparıldığı bir vaxtda parallel olaraq AKİ İdarə Heyətinin iclasının çağırılması, lazımi hazırlıq işləri aparılmadan tələm-tələsik sədr seçkisi üçün ümumi yığıncağın vaxtının təyin olunması məqbul deyildir. Odur ki, cinayət tərkibli əməlləri şübhə doğurduğu üçün istintaqı aparılan tərəflə birlikdə heç bir ümumi toplantıya qatılmayacağımızı, o cümlədən təyin etdikləri İH-nin iclasında iştirak etməyəcəyimizi qətiyyətlə bildiririk.
Bəyan edirik ki, yalnız baş vermiş hallara hüquqi qiymət veriləndən, qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılaraq nəticələri barədə qanuni tədbirlər görüləndən sonra, təxminən payız aylarında sədr seçkisi mövzusuna qayıtmağı doğru hesab edirik.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)