Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının "Hədəf" proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, dünyada aktiv şəkildə tətbiq olunmağa başlayan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz müalicə üsulu kimi qəbul olunan hüceyrə terapiyası ilə bağlı ölkəmizdə də işlər aparılır:
"Biz bunu çinli həmkarlarımızla birgə Azərbaycanda həyata keçirmək üçün hazırda həmin mərkəzi qururuq. İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq".
Teymur Musayev bildirib ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik, estetik və rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub. Ən müasir avadanlıqlarla təchiz edilib və artıq fəaliyyətə başlayıb. Həmin klinikada çox ciddi rekonstruktiv əməliyyatlar həyata keçirilir. Yanıqlardan və böyük, iri həcmli əməliyyatlardan sonra tələb olunan rekonstruktiv əməliyyatlar məhz həmin mərkəzdə həyata keçirilir. İlk qeyd etdiyim Elmi Cərrahiyyə Mərkəzində yaradılmış şöbədə isə üst çənə cərrahiyyəsi sahəsində regional bir sıra ilklərə imza atılıb, böyük rekonstruktiv üz və çənə əməliyyatları icra olunub.
"Biz bu iki mərkəzi yaradaraq onları məhz klinik baza kimi düşündük ki, rezidentlərimiz layiqli şəraitdə bu ixtisaslar üzrə öz hazırlıqlarını keçə bilsinlər. Digər məqam Elmi-Tədqiqat Kardioloji İnstitutunda İnvaziv kardiologiya və kardiocərrahiyyə şöbəsinin açılmasıdır. Həmin institutda davamlı olaraq digər müasirləşdirmə prosesləri gedir, yeni avadanlıqlar alınır və quraşdırılır. İnanıram ki, yaxın zamanda yeni bir ilkə də imza atacağıq. Onu da sizə deyərik, xəbəriniz olacaq, açılışa da dəvət edəcəyik".