Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu barədə Milli.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 30300 abituriyentdən (I qrup üzrə 24997 nəfər, IV qrup üzrə 5303 nəfər) 916 nəfər (I qrup üzrə 764 nəfər, IV qrup üzrə 152 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 6057 abituriyentdən 1256 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib. 400 bal toplayanların siyahısı ilə buradan tanış ola bilərsiniz.
I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697.5 bal toplayan 2 nəfər - Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə.Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı göstərib.
IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu göstərib.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyul saat 10:00-dan 31 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.
Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Qeyd. Dövlət İmtahan Mərkəzi 24 may, 7 iyun, 5 iyul və 12 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarından sonra iştirakçıların imtahan təcrübəsinin öyrənilməsi məqsədilə onlayn sorğu keçirir.
Sorğunun linki hər bir abituriyentin imtahan nəticəsi ilə bağlı səhifəsinə yerləşdirilib.
Bütün imtahan iştirakçılarını sorğuda fəal iştirak etməyə dəvət edirik.
Sorğunun keçirilməsində əsas məqsəd imtahan prosesi ilə bağlı iştirakçıların fikirlərini öyrənmək və ümumi məmnunluq səviyyəsini qiymətləndirməkdir. Əldə olunacaq nəticələr imtahanların təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində istifadə olunacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)