Yaponiyada zəlzələdən sonra ticarət mərkəzində partlayış

28 İyul 2026 16:08

Yaponiyanın Kyushu adasında baş verən 7,1 bal gücündə zəlzələdən sonra Kumamoto prefekturasının Kaşima qəsəbəsində yerləşən "Aeon Mall Kumamoto" ticarət mərkəzində partlayış baş verib.

"Fuji TV" telekanalının yaydığı məlumata görə, partlayış nəticəsində ölənlər var. Rəsmi qurumlar isə indiyədək ölənlərlə bağlı məlumatı təsdiqləməyib. Bildirilib ki, hadisə zamanı 200 nəfər təxliyə edilib, dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, iyulun 28-də Yaponiyanın Kyushu adasında 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 50-dən çox insan xəsarət alıb. Ariake körfəzi və Yatsuşiro dənizi sahilləri üçün isə sunami xəbərdarlığı elan edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)