Tez-tez kolbasa yemək xərçəng riskini artırır

28 İyul 2026 05:05

Sosis, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı kolorektal (yoğun və düz bağırsaq) xərçəngi riskini artıra bilər.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiya İnstitutunun həkim-endokrinoloqu Yekaterina Yerşova məlumat verib.

Onun sözlərinə görə, bir dəfə fastfud və ya emal olunmuş ət məhsulu qəbul etmək xərçəngə səbəb olmur. Lakin bu cür qidaların uzun müddət və müntəzəm şəkildə istehlakı xəstəlik riskini yüksəldə bilər.

Həkim xatırladıb ki, Xərçəngin Araşdırılması üzrə Beynəlxalq Agentliyin (IARC) 2015-ci ildə yayımladığı qiymətləndirməyə əsasən, emal olunmuş ət məhsullarının qəbulu kolorektal xərçəng riski ilə əlaqələndirilir. Məlumatlara görə, gündə 50 qram emal olunmuş ət istehlakı bu xərçəng növünün nisbi riskini təxminən 18 faiz artırır.

Yerşova əlavə edib ki, 2024-cü ildə aparılan sistematik icmal və meta-analiz də ultraemal olunmuş qidaların yüksək miqdarda qəbulunun yoğun bağırsaq xərçəngi riskində cüzi artımla əlaqəli olduğunu göstərib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)