FIFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının başa çatmasından sonra sosial şəbəkədə mediaya və turniri tənqid edənlərə qarşı sərt açıqlama yayıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İnfantino "Instagram" hesabında paylaşım edərək jurnalistləri və müşahidəçiləri dünya çempionatının müsbət tərəflərini görməməkdə, "nifrət yaymaqda" və yanlış məlumatlar yaymaqda günahlandırıb:
"Qələmlərinin, kağızlarının və ekranlarının arxasında gizlənərək nifrət və yalan şayiələr yayanlara demək istəyirəm: siz arxa planda gizlənərkən, biz FIFA-da ön cəbhədəyik, işləyirik, təşkil edirik və dünyanın ən böyük şousunun baş tutmasını təmin edirik".
İnfantino həmçinin Kanada, Meksika və ABŞ küçələrində azarkeşlərlə görüşdüklərini, insanları bir araya gətirdiklərini vurğulayıb:
"Siz bölürsünüz, biz isə birləşdiririk. İnsanlar ailələr, azarkeşlər və vahid toplum kimi bir araya gəldilər".
FIFA prezidenti tənqidçilərinə "meditasiya etməyi, dua etməyi və ya futbol izləməyi" tövsiyə edib.
İnfantinonun bu açıqlaması dünya çempionatı zamanı FIFA-ya yönələn tənqidlərdən sonra gəlib. Turnir ərzində bəzi ölkələrin azarkeşləri və nümayəndələri üçün viza məhdudiyyətləri, yüksək bilet qiymətləri, həmçinin bəzi hakim və intizam qərarları narazılıq doğurmuşdu.
FIFA rəhbəri bu məsələlərə də münasibət bildirib və mübahisəli hakim qərarlarının böyük liqalarda da tez-tez baş verdiyini deyib.
İnfantino bütün ittihamları rədd edərək bildirib ki, dünya çempionatı "100 faiz təhlükəsizlik, sevinc və xoşbəxtlik" üzərində qurulub.
Onun sözlərinə görə, futbolun əsas məqsədi siyasət deyil, birlik yaratmaqdır:
"Futbol nifrətdən və ayrı-seçkilikdən daha böyükdür".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)