Müğənni Nura Suri sənətçilərin səhnə obrazı və peşəkar hazırlığı ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, ifaçı önəmli tədbirlərdə sənətçinin yalnız geyiminin deyil, bütün obrazının peşəkar komanda tərəfindən ən xırda detalına qədər düşünülməli olduğunu vurğulayıb.
N.Suri bildirib ki, səhnədə rahat hərəkət etməyə imkan verən ayaqqabı seçimi, diskomfort yaratmayan geyim, hava şəraitinə uyğun saç düzümü və aksesuarlar əvvəlcədən nəzərə alınmalıdır:
"Obraz yalnız gözəl görünməkdən ibarət deyil. O, sənətçinin enerjisini, rahatlığını və səhnədə özünəinamını da dəstəkləməlidir. Müğənninin yanında çalışan, bunun üçün maaş alan komanda hər detalı düşünməli və sənətçinin işini maksimum rahatlaşdırmalıdır".
Müğənni müsahibələrə də əvvəlcədən hazırlaşmağın vacibliyini qeyd edib. O bildirib ki, sənətçi kamera qarşısında fikirlərini qısa, aydın və səlis ifadə etməli, görüntüyə mənfi təsir edən vərdişlərdən çəkinməlidir.
İfaçı psixoloji hazırlığın ən vacib məqamlardan biri olduğunu da vurğulayıb:
"Çünki tamaşaçıya keçən ilk şey mahnı yox, sənətçinin enerjisidir. Güclü enerji olan yerdə kiçik qüsurlar belə hiss olunmur".
Nura Suri dünya ulduzlarını nümunə göstərərək, Şakiranın tez-tez sadə obrazla səhnəyə çıxmasına baxmayaraq, əsas diqqəti rahatlığına və enerjisinə yönəltdiyini xatırladıb.
Sənətçi əlavə edib ki, indiyədək "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak edən azərbaycanlı ifaçıların bəzilərində də psixoloji hazırlıq və özünəinam baxımından müəyyən çatışmazlıqlar müşahidə edib.
Paylaşımının sonunda isə o, həmkarlarına belə müraciət edib:
"Geyimdən daha çox səhnədəki rahatlığınıza, özünəinamınıza və tamaşaçıya ötürdüyünüz enerjiyə önəm verin. Çünki yadda qalan məhz bunlardır"./Axşam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)