Türkiyə Qadınlar Milli Voleybol Komandası 2026-cı il FIVB Millətlər Liqasının (VNL) finalında Braziliyanı 3:1 hesabı ilə məğlub edərək, turnirdə ikinci dəfə çempion olub.
Milli.Az xəbər verir ki, Çinin Makao Xüsusi İnzibati Bölgəsindəki "East Asian Games Dome"da keçirilən finala Braziliya daha yaxşı başlayıb və ilk seti 25:23 hesabı ilə qazanıb.
Lakin Türkiyə millisi növbəti setlərdə oyunun gedişini dəyişərək, 25:23, 26:24 və 25:21 hesablı qələbələrlə ardıcıl üç seti öz aktivinə yazıb və 3:1 hesabı ilə qalib gəlib.
Türkiyənin qələbəsində əsas pay sahibi Melissa Varqas olub. Ulduz hücumçu final qarşılaşmasını 33 xalla başa vuraraq, matçın ən məhsuldar oyunçusu olub. Hande Baladın 19, İlkin Aydın isə 16 xalla komandaya töhfə verib.
Türkiyə bununla VNL tarixində ikinci qızıl medalını qazanıb. Milli komanda turnirdə daha əvvəl bir gümüş və bir bürünc medal da əldə edib.
2018-ci ildən keçirilən Millətlər Liqasının final mərhələsində Türkiyə ardıcıl səkkizinci dəfə iştirak edib. Komanda 2023-cü ildə finalda Çini məğlub edərək ilk çempionluğunu qazanmışdı.
2026-cı ildə isə "Filenin Sultanları" finalda Braziliyaya qalib gələrək, kuboku yenidən Türkiyəyə aparıb. Braziliya isə VNL tarixində beşinci dəfə finalda məğlub olaraq gümüş medalla kifayətlənib.
Türkiyə millisinin baş məşqçisi Daniele Santarelli də komanda ilə daha bir böyük uğura imza atıb. İtaliyalı mütəxəssis 2023-cü ildə VNL və Avropa çempionluğu, 2025-ci ildə isə dünya çempionatının gümüş medalı ilə yanaşı, 2026-cı ildə VNL qızılını da qazanıb.
Final Türkiyə üçün Braziliyaya qarşı əvvəlki məğlubiyyətin də revanşı olub. Türkiyə 2024-cü il Paris Olimpiadasında bürünc medal uğrunda görüşdə Braziliyaya uduzmuşdu. İki il sonra komandalar yenidən mühüm medal qarşılaşmasında üz-üzə gəlib və bu dəfə qələbə Türkiyənin olub./"Qafqazinfo"