Rumıniya Xarici İşlər Nazirliyi (XİN) ölkə ərazisi üzərində son üç gün ərzində üç pilotsuz uçuş aparatının (PUA) vurulmasından sonra Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi nazirliyə çağırıb.
Milli.Az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu "X" sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, aparılan araşdırma nəticəsində iyulun 24-də Rumıniya səmasında vurulan pilotsuz uçuş aparatının Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı müharibədə istifadə etdiyi "Şahed" tipli dron olduğu müəyyən edilib. Digər iki pilotsuz uçuş aparatı ilə bağlı araşdırmalar isə davam edir.
Oana Tsoyu bildirib ki, Rumıniya və Avropa İttifaqının hava məkanının pozulması qəbuledilməzdir və bu cür hallara ciddi yanaşılır.
Qeyd edək ki, iyulun 26-da Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı ölkənin hava məkanını pozan daha bir pilotsuz uçuş aparatını vurub. Son üç gündə dronların Rumıniya ərazisinə daxil olması ardıcıl olaraq qeydə alınıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)