Onlayn ticarət bazarları çökdürür? - "Sədərək"lə bağlı iddialara cavab - (Video)

25 İyul 2026 14:36

Son günlər sosial şəbəkələrdə "Sədərək" və "Binə" ticarət mərkəzlərinin fəaliyyətini dayandıracağı ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub. Məlumatlarda onlayn ticarətin sürətlə inkişaf etməsinin ənənəvi bazarlara marağı azaltdığı bildirilir.

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, internet üzərindən alış-verişin artması alıcı sayına və satış həcminə ciddi təsir göstərib. Onlardan biri bildirib ki, onlayn sifarişlərin çoxalmasından sonra alver demək olar ki, dayanıb və "Sədərək" bazarında əvvəlki canlanma qalmayıb.

Digər satıcı isə insanların əksəriyyətinin məhsulları internet vasitəsilə sifariş etdiyini, bu səbəbdən bazara gələn müştərilərin sayının xeyli azaldığını deyib.

Alıcılar arasında aparılan sorğular göstərir ki, bazara daha çox orta və yaşlı nəslin nümayəndələri üz tutur. Bəziləri onlayn alış-verişi daha sərfəli hesab etsə də, digərləri məhsulu yerində görmək, ölçüsünü yoxlamaq və keyfiyyətinə əmin olmaq üçün ənənəvi ticarətə üstünlük verdiklərini bildirirlər.

"Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimi isə yayılan iddiaları təkzib edib. O bildirib ki, ticarət mərkəzi fəaliyyətini adi qaydada davam etdirir və bağlanması ilə bağlı hər hansı qərar və ya müzakirə yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)