Azərbaycanın Yunanıstana neft ixracı 42 faizə yaxın artıb

24 İyul 2026 17:50

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Yunanıstana 284 min 374,7 ton xam neft ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac edilən xam neftin ümumi dəyəri 182 milyon 764,5 min ABŞ dolları təşkil edib.

Qeyd olunur ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Yunanıstana neft ixracının həcmi 22,4 faiz, dəyəri isə 41,7 faiz artıb.

Hesabat dövründə Yunanıstan Azərbaycanın ümumi neft ixracında 2,8 faiz paya sahib olub.

Yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələri əsasında ümumilikdə 6 milyard 231 milyon 422,24 min ABŞ dolları dəyərində 10 milyon 125 min 467,17 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 26,7 faiz artıb, idxal isə 27,6 faiz azalıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)