Keçmiş model və sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi ilə tanınan Diana Əhədpur maraqlı etirafları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, izləyicilərinin suallarını cavablandıran Diana uşaqlıq illərinin həyatına böyük təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, böyüdüyü mühit və ailəsinin maddi vəziyyəti gələcək hədəflərini müəyyənləşdirib.
"Dünyaya göz açdığım ailə və yaşadığım kasıbçılıq mənə söz verməyə səbəb oldu. Özümə dedim ki, böyüyəndə yaxşı yaşayacağam, imkanlı olacağam və həm ailəmə, həm də ətrafımdakı insanlara dəstək olacağam. Qarşıma qoyduğum məqsədə çatdım", - deyə o bildirib.
Diana özünəinamının bəzən yanlış qiymətləndirildiyini də vurğulayıb. O, insanların onu özündənrazı hesab etdiyini, əslində isə sadəcə öz gücünə inandığını söyləyib.
Keçmiş model xoşbəxtliyin onun üçün üç əsas amildən ibarət olduğunu qeyd edib. O bildirib ki, pul, sağlamlıq və sevginin bir arada olduğu həyat insanı xoşbəxt edir.
Diana uğurunun sirrinin məhz özünəinamında olduğunu deyərək, qadınlara da tövsiyələr verib. O, hər bir qadının ilk növbədə öz dəyərini bilməsinin vacib olduğunu, münasibətlərdə isə kişinin arxasınca qaçmağın doğru olmadığını dilə gətirib.
Şəxsi həyatından da söz açan Diana Əhədpur, həyatında verdiyi ən cəsarətli qərarın özündən yaşca böyük bir insanla ailə qurmaq olduğunu etiraf edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)