Elşad Abbasovun "Embafinans"dan gəliri açıqlandı - Nə qədər qazanır?

24 İyul 2026 14:43

Bank Olmayan Kredit Təşkilatı (BOKT) "Embafinans" QSC 2025-ci ili 8,13 milyon manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki illə müqayisədə 930 min manat və ya 12,9 faiz çoxdur.

Milli.Az plat.az-a istinadən xəbər verir ki, şirkətin səhmdarları 2025-ci ilin mənfəətinin bir hissəsinin dividend kimi bölüşdürülməsinə qərar veriblər. Nəticədə 8,13 milyon manat xalis mənfəətin 3 milyon manatı dividend elan olunaraq tam həcmdə səhmdarlara ödənilib.

Səhmdarlıq strukturuna əsasən, BOKT-nin nizamnamə kapitalının 86 faizi Elşad Abbasova, 14 faizi isə Tamara Polyakovaya məxsusdur. Buna uyğun olaraq, ödənilən dividendlərin təxminən 2,58 milyon manatı Elşad Abbasova, 420 min manatı isə Tamara Polyakovaya çatıb.

Qeyd edək ki, "Embafinans" 2024-cü ili 7,2 milyon manat xalis mənfəətlə başa vursa da, həmin il səhmdarlara dividend ödənilməyib.

Şirkət bu qərarın səbəbini açıqlamayıb. Maliyyə hesabatında bildirilib ki, kapitalın idarə olunması siyasətində prudensial tələblərə əməl edilməsi, fəaliyyətin davamlılığının təmin olunması və gələcək inkişaf üçün kifayət qədər kapitalın saxlanılması əsas prioritet hesab edilir.

Xatırladaq ki, "Embafinans" QSC 2012-ci il iyunun 25-də dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-nin əsas səhmdarı Elşad Abbasov eyni zamanda "Embawood" mebel şirkətinin təsisçisidir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)