Tehran 7 ölkəni hədələdi: “Cavab hüququmuz var”

24 İyul 2026 09:48

İran ABŞ-nin bölgədəki müttəfiqlərinə sərt xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkəsində paylaşım edərək ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin açıqlamasına münasibət bildirib.

Bəqai qeyd edib ki, Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv bəzi ölkələrin və İordaniyanın İrana qarşı ABŞ-nin hərbi əməliyyatlarında iştirak etdiyini iddia edib.

İran XİN sözçüsü vurğulayıb ki, əgər bu iddia həqiqətə uyğun deyilsə, adı çəkilən ölkələr bunu rəsmi şəkildə təkzib etməlidirlər.

Onun sözlərinə görə, həmin dövlətlər ABŞ-yə öz ərazilərindən hərbi məqsədlərlə istifadə etməyə imkan veriblərsə, bu, onları beynəlxalq hüquq baxımından məsul tərəfə çevirə bilər. Bəqai əlavə edib ki, belə halda İranın ABŞ-nin həmin ölkələrdə yerləşən hərbi bazalarına və obyektlərinə qarşı özünümüdafiə hüququ çərçivəsində tədbir görmək haqqı yaranır.

İran rəsmisi bildirib ki, bu cür addımlar BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə, mehriban qonşuluq prinsipinə və BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə ziddir.

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)