Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova şəxsi həyatı ilə bağlı diqqət çəkən qərarını açıqlayıb.
Milli.Az-ın məlumatına görə, o, "Qonaqcanlı" verilişində bildirib ki, bundan sonra sənət fəaliyyətini Zümrüd Aygün adı ilə davam etdirəcək.
Onun sözlərinə görə, bu addımı bacısının xatirəsini yaşatmaq məqsədilə atıb. Zümrüd qeyd edib ki, Aygün Bəylər sağlığında da ona bu barədə tövsiyə verib, lakin o zaman bununla razılaşmayıb.
"Onun mahnılarını yaşatdığım kimi, adını da yaşatmaq istəyirəm. Sağlığında bunu mənə deyirdi. Mən isə qəbul etmirdim. Düşünürdüm ki, yanımda olması mənim üçün kifayətdir", - deyə o bildirib.
İfaçı əlavə edib ki, yeni səhnə adını seçməkdə əsas məqsədi Aygün Bəylərin sənətini və adını gələcək nəsillərə çatdırmaqdır.
Qeyd edək ki, Aygün Bəylər 6 yanvar 2024-cü ildə Türkiyədə xərçəng xəstəliyindən vəfat edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)