Elə mahnılar var ki, onu hər kəs əzbər bilir, zümzümə edir, amma necə və hansı hansı hekayə əsasında yarandığını az adam bilir. Müəlliflərin xatirələri, ifaçıların etirafları, maraqlı faktlar - hər mahnının öz taleyi var.
Milli.Az Lent.az-a istinadən yeni "Mahnıların tarixçəsi" rubrikasında Azərbaycan musiqisinin ən məşhur əsərlərinin pərdəarxasına nəzər salacağıq.
Rubrikanın ilk yazısında haqqında danışacağımız mahnı isə Aygün Kazımovanın ifasında sevilib populyarlıq qazanan "Sənsizliyim"dir.
Yaranma tarixi və müəlliflər
Çoxlarının "Qoy işığı söndürüm" deyə bildiyi bu mahnının musiqisi bəstəkar Rövşən Şərəfli, sözləri şair Vahid Əzizə aiddir. Mahnı 1998-ci ildə hazırlanıb və 1999-cu ilin əvvəlində Aygün Kazımovanın eyniadlı albomunda işıq üzü görüb. Mahnı ayrılıq, tənhalıq və itirilmiş sevginin yaratdığı boşluq hissini ifadə edir. "Qoy işığı söndürüm" ifadəsi də məhz həmin daxili qaranlığın və ümidsizliyin poetik rəmzidir. Bu mahnı yayımlandığı dövrdə böyük rezonans doğurmuşdu. Həm melodiyası, həm də "Qoy işığı söndürüm" ifadəsi qısa müddətdə dillər əzbərinə çevrilmişdi.
Sözlərin ünvanı
Mahnının sözlərinin müəllifi Vahid Əziz müxtəlif müsahibələrində bildirib ki, bu şeir konkret bir insana həsr edilməyib. Onun sözlərinə görə, əsər ayrılıq yaşayan hər bir insanın hisslərini ifadə edən ümumiləşdirilmiş poetik nümunədir. Şair qeyd edib ki, mahnının bu qədər seviləcəyini əvvəlcədən gözləmirdi.
Aygün Kazımovanın karyerasındakı dəyişiklik
İfaçısı Aygün Kazımova dəfələrlə bu mahnını yaradıcılığının ən uğurlu əsərlərindən biri adlandırıb. O bildirib ki, konsertlərində insanlar ilk akkordlardan mahnını birlikdə oxumağa başlayırlar və illər keçsə də, əsər köhnəlmir. Hətta keçmiş konsertlərinin birində mahnının bu qədər populyarlaşacağını gözləmədiyini də deyib. O qeyd edib ki, bu mahnı onun karyerasında da mühüm dəyişiklik kimi yaddaşında qalıb.
Dövrün ən yaddaqalan ekran əsəri
Mahnının klipinin rejissoru Aqil M. Quliyev olub. Klip 1999-cu ildə Azərbaycan şou-biznesində ən yadda qalan ekran işlərindən biri hesab edilir. Bu iş həmin dövr üçün yenilik sayılırdı. Klipdəki qaranlıq rənglər, işıq effektləri və minimalist üslub mahnının kədərli ovqatını gücləndirdiyi üçün televiziya tamaşaçılarının yaddaşında qalmış və daha da sevilməsində xüsusi rol oynamışdı.
"Qoy işığı söndürüm" parodiyaların mərkəzində
Mahnı yayımlandıqdan sonra qısa müddətdə dillər əzbəri olub. "Qoy işığı söndürüm" ifadəsi gündəlik danışıqda və mətbuatda tez-tez işlədilən məşhur ifadələrdən birinə çevrilib. Mahnının populyarlığı o qədər artmışdı ki, bu ifadə əsasında parodiyalar da hazırlanmışdı. Mahnı ilə bağlı ən məşhur rəvayətlərdən biri ondan ibarətdir ki, o dövrdə tez-tez elektrik kəsintiləri yaşandığı üçün insanlar zarafatla "BARMEK də Aygünün mahnısını eşidib işığı söndürür", deyirdilər.
Söndürülən işıqda yeni cərəyanlar
Əsər 1999-cu ildə yayımlansa da, sonrakı illərdə yeni nəfəs alıb. 2024-cü ildə Aygün Kazımova "S.O.S." mahnısında "Qoy işığı söndürüm" ifadəsinə istinad edərək öz klassik hitinə göndəriş edib. Mahnı müxtəlif ifaçılar tərəfindən yenidən səsləndirilib. Məsələn, DÖNGƏ qrupu onu folk-rok üslubunda təqdim edib, 2026-cı ildə isə Nəsimi Məmmədov yeni versiyasını ifa edib.
Doğum günündə yenidən doğulmaq
Mahnı 27 il keçməsinə baxmayaraq hələ də sevərək dinlənilir. Maraqlı məqamlardan biri də odur ki, mahnı 26 yanvar tarixində təqdim olunub. Həmin gün 28 yaşını qeyd edən müğənni həm də karyeasının yüksəlişinə keçərək özünə doğum günü hədiyyəsi etməyi bacarmışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)