Alimlər insan ömrünün maksimum yaş həddini açıqladı

23 İyul 2026 15:44

Bütün xəstəliklərin müalicəsi mümkün olsa belə, insan ömrünün bioloji baxımdan müəyyən həddi qalacaq.

Milli.Az xəbər verir ki, bu nəticə Moskva Skolkovo Elm və Texnologiya İnstitutunun apardığı araşdırmada yer alıb.

Tədqiqatçıların hesablamalarına görə, ideal tibbi şəraitdə belə insan ömrü təxminən 150-190 il arasında məhdudlaşa bilər. Buna səbəb hüceyrələrdə zamanla yığılan somatik mutasiyalar və onların orqanların fəaliyyətinə göstərdiyi mənfi təsirdir.

Araşdırmada qeyd olunur ki, qocalmanın əsas amillərindən biri orqanların hüceyrə səviyyəsində özünü bərpa etmə qabiliyyətidir. Dəri və qaraciyər kimi toxumalar zədələnmiş hüceyrələri daim yeniləyə bilsə də, ürək və beyin kimi həyati əhəmiyyət daşıyan orqanlarda bu proses çox məhdud şəkildə baş verir.

Nəticədə illər keçdikcə həmin hüceyrələrdə DNT zədələnmələri toplanır və bu da orqanların fəaliyyətini zəiflədir, insan ömrünün təbii yuxarı həddini müəyyənləşdirir.

Alimlər vurğulayırlar ki, gələcəyin tibbinin əsas məqsədi yalnız ömrü uzatmaq deyil, insanların yaşlılıq dövrünü daha sağlam, aktiv və yüksək həyat keyfiyyəti ilə keçirməsinə nail olmaqdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)