"Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodri bel nahiyəsində yaranan problem səbəbindən cərrahi əməliyyat keçirəcək.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli futbolçunun əməliyyatdan sonra nə vaxt yenidən meydanlara qayıdacağı hələlik dəqiqləşməyib.
30 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "Mançester Siti"nin formasını geyinir. O, daha əvvəl İspaniyanın "Atletiko" və "Vilyarreal" klublarında çıxış edib.
Rodri klub karyerası ərzində "Mançester Siti" ilə 4 dəfə İngiltərə çempionu olub, 3 Liqa kuboku, 2 İngiltərə Kuboku, 2 UEFA Superkuboku, həmçinin UEFA Çempionlar Liqası, İngiltərə Superkuboku və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.
İspaniya millisinin heyətində isə futbolçu 2024-cü il Avropa çempionatını, 2023-cü il Millətlər Liqasını və 2026-cı il dünya çempionatını qazanıb. O, son mundialın ən yaxşı futbolçusu seçilib. Bundan əlavə, Rodri 2024-cü ildə "Qızıl top" mükafatına da layiq görülüb.
Futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir. Jurnalist Ramon Alvaresin yaydığı məlumata görə, yarımmüdafiəçi yeni müqavilə imzalamağa tələsmir və gələcəkdə karyerasını "Real" klubunda davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, Rodri dünya çempionluğu, UEFA Çempionlar Liqası və "Qızıl top" mükafatını qazanan futbol tarixinin sayca 11-ci futbolçusu kimi də tarixə düşüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)