Bakıda 211 nömrəli marşrut avtobusunda sürücü ilə sərnişin arasında mübahisə yaşanıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə qadının azyaşlı övladı və onun skuteri ilə avtobusa mindiyi görünür. Sürücü isə skuter və velosipedlə avtobusa daxil olmağın qadağan olduğunu bildirərək buna etiraz edib.
Bundan sonra tərəflər arasında gərginlik yaranıb. Qadın övladının autizmli olduğunu və bu səbəbdən piyada hərəkət etməsinin çətin olduğunu desə də, sürücü sərnişindən avtobusu tərk etməsini tələb edib. Nəticədə ana və övladı avtobusdan düşürülüb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, videogörüntü ilə bağlı məsələ araşdırılıb.
"Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib. Bildiririk ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.
Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyirik.
Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq", - deyə Ə.Əliyeva vurğulayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)