Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb - (Foto)

22 İyul 2026 19:30

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Slovakiya Respublikası Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər.

Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in imzalanma mərasimi keçirilib.