Virtual oyunlar uşaqlara həm müsbət, həm də mənfi təsir göstərə bilər. Onlardan düzgün rejimdə istifadə edildikdə zehni inkişafı dəstəkləsə də, həddindən artıq oynanılması fiziki və psixoloji problemlərə səbəb ola bilər.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı səsləndirib.
Psixoloqun sözlərinə görə, uşaqlar öz daxili emosional rahatlığını, təxəyyülünü və sosial münasibətlərini oyunlar vasitəsilə formalaşdırırlar: "Virtual oyunlar uşaqlarımıza ikili təsir göstərir. Onlar orta səviyyədə və düzgün vaxt bölgüsü ilə oynanıldıqda zehni qabiliyyətlərin inkişafını stimullaşdırır. Lakin həddindən artıq oynanıldıqda fiziki və zehni yorğunluğa səbəb olur. Bundan başqa, bəzi oyunların süjeti düşmənçilik, hüquq pozuntusuna meyllilik və cəzasız qalmaq kimi yanlış üstünlük hisslərinin formalaşmasına təsir göstərə bilər."
Elnarə Baxışlı bildirib ki, uşaqlar gördüklərini oyun zamanı yenidən canlandırmağa, mənimsəməyə və öz kiçik dünyalarında tətbiq etməyə çalışırlar: "Bəzən bu səhnələrə öz xəyal obrazlarını da əlavə edirlər. Elə hallar olur ki, uşaq oyun personajı ilə həddindən artıq eyniləşərək real həyatdan uzaqlaşmağa başlayır. Çünki həmin virtual aləmdə hər şeyin onun nəzarətində olduğu təəssüratı yaranır. Oyunların süjeti müsbət də, mənfi də ola bilər. Əyləncəli olduğu kimi, təhlükəli və ya zərərli məzmun da daşıya bilər. Bəzi hallarda uşağın real həyatda nümayiş etdirdiyi davranışlar oyunun davamı təsiri bağışlayır. Aqressiv davranışlar, uzunmüddətli qorxu və təşviş, gecə kabusları və yuxu pozuntuları qorxu məzmunlu oyunların, eləcə də psixikaya mənfi təsir göstərən rəng və səslərin təsiri ilə yarana bilər. Buna görə də oyunlar valideynlə birlikdə seçilməli, virtual oyunların real həyatda müsbət alternativləri yaradılmalıdır."
Psixoloq qeyd edib ki, valideynlər oyun seçərkən onların məzmununa və uşağın yaş xüsusiyyətlərinə diqqət yetirməlidirlər.
Onun sözlərinə görə, öyrədici və inkişafetdirici oyunlar məntiqi təfəkkürü, diqqəti, dil bacarıqlarını və sayma vərdişlərini inkişaf etdirir. Müxtəlif rəqəmsal tapmacalar və interaktiv oyunlar bu qrupa daxildir.
Simulyator oyunları real həyat proseslərini - təyyarə idarəetməyi, əkinçiliyi və ya idman fəaliyyətini təqlid edir. Psixoloji araşdırmalar göstərir ki, bu oyunlar uşaqların təxəyyülünü inkişaf etdirir, onlarda məsuliyyət hissini formalaşdırır, heyvanlara və ətraf mühitə qayğı göstərməyi öyrədir.
Strategiya oyunları planlaşdırma, analiz etmə və resursların düzgün idarə olunması bacarıqlarını inkişaf etdirir, uşaqları qabaqcadan düşünməyə sövq edir.
Aksiyon və idman oyunları reaksiya sürətini, məkan təfəkkürünü və incə motor bacarıqlarını inkişaf etdirsə də, uzun müddət oynanıldıqda zehni yorğunluq yarada bilər.
Rol oyunları (RPG) isə uşağın müxtəlif obrazlara daxil olmasına, fərqli sosial rolları sınaqdan keçirməsinə və təxəyyülünü inkişaf etdirməsinə imkan yaradır.
Sonda Elnarə Baxışlı vurğulayıb ki, virtual oyunlar seçilərkən uşağın yaş xüsusiyyətləri, psixoloji və fizioloji inkişaf səviyyəsi mütləq nəzərə alınmalı, mümkün olduqda valideynlər də bu oyun prosesində iştirak etməlidirlər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)