Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən küçələrdən birinin acınacaqlı vəziyyəti sakinlərin səbrini daşırıb. Asfalt üzü görməyən yol, ətrafı bürüyən zibil dağları və antisanitariya vəziyyəti qəsəbənin bu hissəsini keçilməz edib.
Bu barədə Milli.Az-a sakinlər müraciət edib.
Söhbət Lökbatan qəsəbəsi, 5-ci kənar dairə, 1-ci döngə ünvanındakı küçədən gedir. Sakinlərin redaksiyamıza göndərdiyi fotolardan da aydın görünür ki, küçə baxımsız bir ərazini xatırladır.
Təqdim olunan görüntülərdə yolun tamamilə torpaq və çınqıldan ibarət olduğu, yağışlı havalarda isə keçilməz palçıq dəryasına çevrildiyi aydın sezilir. Yolun kənarında yerləşən zibil konteynerlərinin ətrafı isə məişət tullantıları ilə dolub-daşır.
Küçənin başqa bir hissəsində isə yolun ortasına atılmış tikinti tullantıları, beton parçaları və taxta lövhələr hərəkəti daha da çətinləşdirir, həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir. Onlar bildirirlər ki, yayda toz-torpaqdan, qışda isə palçıqdan evdən çıxmaq mümkün olmur. Aidiyyatı qurumlara edilən müraciətlər isə hələ də nəticəsiz qalıb.