ABŞ-li maliyyəçi və məhkum edilmiş cinayətkar Ceffri Epşteynlə əlaqələri iddia olunan fransalı model agenti Daniel Siad Fransada evində ölü tapılıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 69 yaşlı Siad Hautsde Seine departamentinin Kolomb şəhərindəki mənzilində həyatını itirmiş vəziyyətdə aşkarlanıb. İlkin ehtimala əsasən, onun ürək tutmasından öldüyü bildirilir.
Nanterr prokurorluğu faktı təsdiqləyib və ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edildiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma məhkəmə polisi tərəfindən aparılır.
Daniel Siad son aylarda Ceffri Epşteyn işi ilə yenidən gündəmə gəlmişdi. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə onun adına 2 mindən çox dəfə rast gəlindiyi bildirilir. Həmin materiallarda Siadın Epşteynə göndərdiyi elektron məktublar, eləcə də müxtəlif modellərin fotoşəkilləri və məlumatlarının yer aldığı qeyd olunur.
Model agenti, həmçinin keçmiş isveçli model Ebba Karlsson da daxil olmaqla beş qadın tərəfindən təcavüz və insan alveri ittihamları ilə üzləşmişdi. Siad bütün ittihamları rədd edərək, Epşteynlə münasibətlərinin yalnız peşəkar xarakter daşıdığını bildirirdi.
Onun sözlərinə görə, Parisdə Epşteynlə bir neçə qısa görüş keçirib və yalnız model təqdimatı ilə məşğul olub.
Qeyd edək ki, "Epşteyn sənədləri"nin ictimaiyyətə açıqlanmasından sonra Fransa hüquq-mühafizə orqanları iş üzrə maliyyə və cinsi cinayət iddiaları istiqamətində iki ayrı istintaqı yenidən başladıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)