Gəncədə yolun bir tərəfində dayanacaq var, digərində yoxdur - Sakinlər şikayətçidir

24 İyul 2026 11:45

Gəncə şəhərində 16 və 19 nömrəli marşrut avtobuslarının hərəkət etdiyi Üzeyir Hacıbəyov küçəsində dayanacaqların yerləşdirilməsi ilə bağlı sakinlər narazılıq edirlər.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, şəhərin 5-ci mikrorayonunun giriş-çıxış hissəsində yolun bir istiqamətində avtobus dayanacağı mövcud olsa da, əks istiqamətdə dayanacaq quraşdırılmayıb. Bu səbəbdən həmin ərazidə yaşayan vətəndaşlar ictimai nəqliyyatdan istifadə etmək üçün xeyli məsafə piyada getməli olurlar.

Onların iddiasına görə, məsələ ilə bağlı dəfələrlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilsə də, verilən cavabların yalnız formal xarakter daşıdığı, problemin isə hələ də həllini tapmadığı bildirilir.

Sakinlər Niyazi Əhmədov və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsinə yaxın hissədə yeni avtobus dayanacağının quraşdırılmasını istəyirlər. Onların fikrincə, bu addım həm sərnişinlərin rahatlığını təmin edər, həm də ictimai nəqliyyatdan istifadəni asanlaşdırar.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, şəhərdaxili avtobus dayanacaqları arasındakı məsafə 200-400 metr olmalıdır. Sakinlər bildirirlər ki, sözügedən ərazidə yolun bir istiqamətində bu norma gözlənilsə də, əks istiqamətdə dayanacaqlar arasındakı məsafə tələblərə uyğun deyil.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)