Mərhum Xalq artisti Tofiq Mirzəyev bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.
O bildirib ki, Tofiq Mirzəyev iki ay əvvəl insult keçirib və bundan sonra tam olaraq sağala bilməyib:
"Tofiq Mirzəyev 1994-cü ildən İsrailin Arad şəhərində yaşayırdı. O, aktiv həyat tərzi keçirirdi, həyata keçirmək istədiyi yarımçıq planları var idi. Lakin tale başqa cür qərar verdi. Sağlığında dəfələrlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, aktyor bu gün İsrailin Arad şəhərində dəfn olunacaq. Anası, qardaşı Teymur Mirzəyev və bacısı Leyla da həmin qəbiristanlıqda dəfn olunub".
Qeyd edək ki, 94 yaşlı Tofiq Mirzəyev bu gecə İsraildə vəfat edib. O, 35-dən çox filmdə rol alıb. Sənətkar "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)