22 iyul tarixində YUDASHKIN Moda Evi Azərbaycan Moda Həftəsini (Azerbaijan Fashion Week) yeni demi-kutür kolleksiyasının nümayişi ilə bağlayacaq. Kolleksiya XX əsrin ortalarının estetikası, dəbdəbəli ictimai tədbirlər mədəniyyəti və müxtəlif dövrlərin dekorativ-tətbiqi incəsənətindən ilham alıb. Bu elementlər birlikdə intellektual, müstəqil və qüsursuz zərif qadın obrazını yaradır.
YUDASHKIN Moda Evinin Azərbaycan Moda Həftəsində iştirakı yalnız yeni kolleksiyanın təqdimatı deyil, həm də brend üçün yeni bazara çıxış, yeni müştərilərlə tanışlıq və Moda Evinin Azərbaycana gəlişini səbirsizliklə gözləyənlərlə görüş imkanıdır.
"Azərbaycan Moda Həftəsi yeni istedadların doğulduğu, eyni zamanda isə artıq dünya modasının ayrılmaz hissəsinə çevrilmiş adlarla bir araya gəlmək imkanı yaradan məkandır. Məhz belə bir mühitdə - gənc istedadlarla yanaşı, canlı peşəkar dialoqun içində və zamanın ritmi ilə birlikdə olmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır. YUDASHKIN Moda Evi müasir dünyanı diqqətlə izləyir, onunla birlikdə inkişaf edir və eyni zamanda özünəməxsus DNT-sinə sadiq qalır," - deyə YUDASHKIN Moda Evinin Kreativ Direktoru Qalina Yudaşkina bildirib.
Tədbir moda, texnologiya, daşınmaz əmlak və mədəniyyətin bir araya gəldiyi müasir həyat tərzini əks etdirən Sea Breeze məkanında keçiriləcək.
"YUDASHKIN Moda Evi moda anlayışına ənənəvi sənaye çərçivələrindən daha geniş baxır. Bizim üçün moda incəsənət, turizm, inkişaf layihələri və yeni təcrübələrin kəsişməsində formalaşan böyük mədəni mühitin ayrılmaz hissəsidir. Məhz buna görə də belə layihələrdə iştirak brendimizin fəlsəfəsinin təbii davamı və beynəlxalq inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir," - deyə YUDASHKIN Moda Evinin İdarəedici Tərəfdaşı Pyotr Maksakov qeyd edib.
Moda Həftəsi ilə paralel olaraq Dome məkanında YUDASHKIN Moda Evi kutür nümunələrini, YUDASHKIN ready-to-wear kolleksiyasını, eləcə də brendin kosmetik məhsullar xəttini təqdim edəcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az