İqor Krutoyun anası Mayamidə 3.5 milyonluq evi 100 dollara aldı

22 İyul 2026 11:27

Rusiyalı bəstəkar İqor Krutoyun anası Svetlana Krutaya ilə bağlı maraqlı məlumat yayılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Svetlana Krutaya ABŞ-nin Mayami şəhərində cəmi 100 dollar qarşılığında üçotaqlı mənzil əldə edib.

Musiqi prodüseri Sergey Dvortsovun sözlərinə görə, bu alış kommersiya məqsədi daşımayıb və simvolik xarakter daşıyıb. O bildirib ki, İqor Krutoy və bacısı Alla Baratta analarının 92 yaşında rahat həyat sürməsi üçün əvvəlcədən bütün şəraiti yaradıblar.

"Mash" teleqram kanalının yaydığı məlumata əsasən, mənzil Alla Baratta tərəfindən vergi yükünü azaltmaq məqsədilə anasının adına rəsmiləşdirilib. Bildirilir ki, bu əməliyyat Svetlana Krutayanın ad günündən dərhal sonra həyata keçirilib.

Məlumatda həmçinin qeyd olunur ki, həmin gün Svetlana Krutaya eyni üsulla daha bir mənzili də 100 dollara əldə edib. Daşınmaz əmlakı satan tərəfin Alla Barattanın əvvəllər ailə üçün İtaliya mebeli aldığı "TOC PH" şirkəti olduğu bildirilib.

Qeyd edək ki, Krutoy ailəsinin ABŞ-nin Sanni-Ayls-Biç bölgəsində yerləşən, sahələri 258 və 323 kvadratmetr olan iki mənzili var. Həmin daşınmaz əmlakların bazar dəyərinin müvafiq olaraq 2,8 milyon və 3,5 milyon dollar olduğu, illik vergi məbləğinin isə ümumilikdə təxminən 83 min dollar təşkil etdiyi qeyd edilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)