Türkiyədə sərnişin avtobusu aşdı – 31 nəfər xəsarət aldı - (Video)

22 İyul 2026 10:27

Türkiyənin Kütahya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbuldan Kuşadası istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb və aşıb.

Hadisə Kütahya-Afyonkarahisar avtomobil yolunun 36-cı kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, qəza sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi nəticəsində baş verib.

Xilasetmə qrupları avtobusda sıxışıb qalan sərnişinlərin təxliyəsini həyata keçirərək yaralılara ilkin tibbi yardım göstəriblər.

İlkin məlumata əsasən, qəza nəticəsində 31 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)