Fransa parlamenti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Milli.Az xəbər verir ki, bununla da Fransa Avropa İttifaqında bu cür məhdudiyyəti tətbiq edən ilk ölkə kimi tarixə düşüb.
Yeni qaydalara əsasən, 1 sentyabrdan etibarən 15 yaşdan kiçik şəxslər TikTok, Instagram, Snapchat və digər sosial media platformalarında yeni hesab aça bilməyəcəklər. 2027-ci ilin yanvarından isə qadağa artıq mövcud hesablara da şamil olunacaq.
Fransanın rəqəmsal texnologiyalar naziri Anne Le Henanff bildirib ki, yaşın təsdiqlənməsi üçün texniki imkanlar artıq mövcuddur və bu qaydanın icrası sosial media platformalarının üzərinə düşəcək. Onun sözlərinə görə, yaşı 15-dən az olan istifadəçilərin hesabları bağlanacaq.
Qanunda onlayn ensiklopediyalar və təhsil platformaları üçün istisnalar nəzərdə tutulub. Eyni zamanda, uşaqlar və ya onların valideynləri üçün hər hansı cərimə tətbiq edilməyəcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)