Nurlan Serqaliyev saxlanıldı

21 İyul 2026 17:40

Qazaxıstanda Maxambet Utemisov adına Qərbi Qazaxıstan Dövlət Universitetinin rektoru Nurlan Serqaliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin Elm və Ali Təhsil Nazirliyi təsdiqləyib.

Nazirlik hadisə ilə bağlı saxlanılma faktını təsdiqləsə də, istintaqın maraqları nəzərə alınaraq səbəblər və digər təfərrüatlar barədə hələlik açıqlama verməyib.

Məlumata görə, Nurlan Serqaliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Bildirilir ki, araşdırma çərçivəsində onun həm xidməti kabinetində, həm də yaşadığı ünvanda axtarış aparılıb.

Əməliyyatın Qazaxıstan Milli Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Xidməti əməkdaşları tərəfindən həyata keçirildiyi qeyd olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)