Azərbaycanda 2026-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyasının Tədbirlər Planı çərçivəsində beynəlxalq təcrübəyə uyğun çevik iş vaxtı modelinin tətbiqi nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu sistem işçilərə həftəlik 40 saatlıq iş normasını qorumaq şərtilə işə başlama və işdən çıxma saatlarını müəyyən edilmiş vaxt intervalında seçmək imkanı yaradacaq.
Qeyd olunub ki, beynəlxalq praktikada çevik iş qrafiki əsas iş saatları ilə yanaşı, işə giriş və çıxış üçün sərbəst vaxt aralıqlarını nəzərdə tutur. Bununla belə, tətbiq mexanizmi hər ölkənin qanunvericiliyi və əmək bazarının xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir.
Nazirliyin məlumatına əsasən, bu model əsasən informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin inzibati və analitik sahələrində çalışanlar üçün uyğun hesab edilir. Eyni zamanda azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, təhsil alanlar, eləcə də məsafədən və ya hibrid işləyən əməkdaşlar da çevik iş vaxtından yararlana biləcəklər.
Bildirilib ki, 2026-2030-cu illərdə beynəlxalq təcrübə öyrəniləcək, hüquqi baza formalaşdırılacaq və zəruri normativ sənədlər hazırlanaraq sistem mərhələli şəkildə tətbiq ediləcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)