ÇL: "Sabah" “KuPS”a qarşı

21 İyul 2026 09:24

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın turnirdəki təmsilçisi "Sabah" meydana çıxacaq.

Milli.Az xəbər verir ki, Masazır təmsilçisi doğma meydanda Finlandiyanın "KuPS" klubunu qəbul edəcək. Qarşılaşma saat 20:00-da start götürəcək. Oyunun baş hakimi Polşadan olan Lukaş Kujma olacaq.

Komandalar arasında cavab görüşü iyulun 28-də Finlandiyada keçiriləcək.

Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" və Polşanın "Lex" komandaları arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

İki oyunun nəticəsinə əsasən mübarizəni dayandıracaq komanda isə çıxışını UEFA Avropa Liqasında davam etdirəcək. Məğlub tərəf III təsnifat mərhələsində "Levski" (Bolqarıstan) - "Universitatya" (Rumıniya) cütünün uduzanı ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sabah" - "KuPS" oyunu Masazır stadionunda keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)