İngiltərənin "Aston Villa" klubu isveçrəli yarımmüdafiəçi Yohan Manzambini heyətinə qatdığını rəsmən açıqlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Almaniyanın "Frayburq" klubundan ayrılaraq Unai Emerinin rəhbərlik etdiyi komandaya transfer olunub.
Məlumata görə, Birminqem təmsilçisi bu keçid üçün təxminən 70 milyon avro ödəyib. Beləliklə, Yohan Manzambi klub tarixinin ən bahalı transferi olub. Bununla əvvəlki rekord - Amadou Onana üçün ödənilən 50 milyon funt sterlinq geridə qalıb.
Transfer prosesində maraqlı məqam isə futbolçunun "Nyukasl"a keçməyə çox yaxın olması olub. Bildirilir ki, İngiltərə klubu "Frayburq"la 60 milyon avroluq razılıq əldə etsə də, son anda "Aston Villa"nın daha sərfəli təklifi Yohan Manzambinin qərarını dəyişib.
Bu, "Nyukasl"ın yay transfer pəncərəsində ikinci belə uğursuzluğu sayılır. Klub daha əvvəl də Viktor Munosu heyətinə qata bilməmiş, futbolçu son anda "Liverpul"u seçmişdi.
Yohan Manzambi ötən mövsüm "Frayburq"un heyətində bütün turnirlərdə 47 oyuna çıxaraq 7 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Avropa Liqasında uğurlu çıxışı ilə seçilərək turnirin ən yaxşı gənc futbolçusu adına layiq görülüb.
İsveçrəli yarımmüdafiəçi 2026-cı il dünya çempionatında da parlaq performans sərgiləyib. Yohan Manzambi İsveçrə millisinin heyətində keçirdiyi 4 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun uğurlu çıxışı komandasının 1/4 finala yüksəlməsində mühüm rol oynayıb. İsveçrə yığması həmin mərhələdə əlavə vaxtda Argentinaya 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)