Sosial mediada yayılan və qısa zamanda geniş müzakirələrə səbəb olan videoda məşhur "MacCoffee" markalı qəhvənin guya antisanitar şəraitdə istehsal edildiyi iddia olunur. Görüntülərin hansı ölkədə çəkildiyi dəqiq bilinməsə də, məhsulun Azərbaycan bazarında da satılması istehlakçılar arasında narahatlıq yaradıb.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı paytaxt sakinlərinin əksəriyyəti mənşəyi və istehsal prosesi məlum olmayan məhsulların istifadəsinə ehtiyatla yanaşdıqlarını bildiriblər. Sakinlərdən birinin sözlərinə görə, yalnız qəhvə deyil, ümumilikdə istehsal şəraiti etibarlı olmayan qida məhsullarının istehlakı sağlamlıq üçün risk yarada bilər:
"Qəhvənin həddindən artıq istifadəsi onsuz da müəyyən mənfi təsirlərə səbəb ola bilər. Onun fikrincə, əgər istehsal prosesi həqiqətən gigiyenik qaydalara uyğun deyilsə, bu risk daha da artır. Bununla yanaşı, o, sosial şəbəkələrdə yayılan görüntülərin süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyini də istisna etməyərək, məlumatın rəsmi şəkildə təsdiqlənməsinin vacibliyini vurğulayıb".
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, sosial şəbəkələrdə yenidən yayılan həmin video yeni deyil. Qurumun məlumatına görə, görüntülər bir neçə il əvvəl xarici ölkələrdən birində lentə alınıb və hazırda yenidən paylaşılaraq gündəmə gətirilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)