Formula 1 üzrə dünya çempionatında Belçika Qran-Prisi başa çatıb.
Milli.Az xəbər verir ki, Spa-Frankorşam trasında keçirilən yarışın qalibi "Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli olub. O, finiş xəttini birinci keçərək mövsümdə növbəti qələbəsini rəsmiləşdirib.
İkinci yeri "Ferrari"nin monakolu pilotu Şarl Lekler tutub. İlk üçlüyü isə "Red Bull"un niderlandlı sürücüsü Maks Verstappen tamamlayıb.
Belçika mərhələsinin ardından pilotların ümumi sıralamasında Kimi Antonelli 204 xalla liderliyini qoruyur. "Ferrari"nin britaniyalı pilotu Luis Hamilton 159 xalla ikinci, "Mercedes"in digər britaniyalı sürücüsü Corc Rassel isə 154 xalla üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə dünya çempionatının növbəti yarışı - Macarıstan Qran-Prisi iyulun 24-26-da təşkil olunacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)