"Bütün arxivləri açacağıq" - Zelenski

18 İyul 2026 14:11

Ukrayna Prezidenti Volodimir Zelenski Volın hadisələri ilə bağlı ölkənin xüsusi xidmət orqanlarının arxiv materiallarının ictimaiyyət üçün əlçatan olacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin bu mövzu ilə əlaqədar saxladığı bütün sənədlər açılacaq.

Prezident həmçinin Ukrayna-Polşa münasibətlərinin inkişafı istiqamətində yeni addımların atılacağını bildirib. O qeyd edib ki, yaxın dövrdə diplomatik sahədə mühüm qərarlar qəbul ediləcək, eləcə də tarixi hadisələrin araşdırılması məqsədilə axtarış və ekshumasiya proseslərinə əlavə imkanlar yaradılacaq.

Zelenski Polşanın Rusiyanın Ukraynaya qarşı müharibəsi dövründə göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, iki ölkənin təhlükəsizlik və müstəqillik məsələlərinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb.

Xatırladaq ki, Volın hadisələri II Dünya müharibəsi illərində Volın və Şərqi Qalisiya ərazilərində baş verib. Tarixçilərin məlumatına görə, həmin dövrdə minlərlə etnik polyak həyatını itirib və bu mövzu Ukrayna-Polşa münasibətlərində ən həssas tarixi məsələlərdən biri hesab olunur.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)