Xaricdən Azərbaycana idxal olunan heyvanların daşınması zamanı bioloji təhlükəsizliyin təmin edilməsi, heyvan rifahının qorunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması əsas prioritetlərdən biri hesab olunur. Bu məqsədlə daşınma prosesinin beynəlxalq standartlara və baytarlıq-sanitariya normalarına uyğun həyata keçirilməsi vacibdir.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Agentliyin 2026-cı ilin ilk 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycana diri heyvanların idxalı əsasən Avropa İttifaqı ölkələri, Rusiya və Gürcüstandan həyata keçirilir. Avropa İttifaqından gətirilən heyvanlar xüsusi təchiz olunmuş nəqliyyat vasitələri ilə daşınır. Qonşu ölkələrdən idxal zamanı isə əsasən uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə edilir.
Validə Sadıxova bildirib ki, Azərbaycan hazırda dörd heyvan xəstəliyi üzrə azad statusa malikdir və bu statusun qorunması mühüm strateji əhəmiyyət daşıyır. Bu baxımdan heyvanların daşınmasında istifadə olunan nəqliyyat vasitələrinin texniki və sanitar tələblərə uyğunluğu, eləcə də heyvanların sayı, növü və fizioloji xüsusiyyətlərinin nəzərə alınması vacibdir.
AQTA rəsmisi qeyd edib ki, xüsusi təchiz olunmuş nəqliyyat vasitələri heyvanların yüklənməsi və boşaldılması prosesini asanlaşdırır, eyni zamanda onların daşınma zamanı xəsarət alması və stresə məruz qalması ehtimalını azaldır.
"Uyğunlaşdırılmış və ya təsadüfi nəqliyyat vasitələri ilə heyvanların daşınması həm heyvan rifahı, həm də epizootik təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər. Xüsusi təyinatlı nəqliyyat vasitələrindən istifadə heyvanların sağlam şəkildə təyinat yerinə çatdırılmasına və biotəhlükəsizlik tədbirlərinin daha səmərəli həyata keçirilməsinə şərait yaradır", - deyə o vurğulayıb.
Bildirilib ki, heyvanların daşınması sahəsində beynəlxalq tələblərin tətbiqi Azərbaycanda baytarlıq və biotəhlükəsizlik sisteminin daha da inkişafına xidmət edəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)