Türkiyəli psixoloq və televiziya aparıcısı Esra Ezmecinin yeni mövsümdə Azərbaycanda layihə ilə çıxış edə biləcəyi barədə məlumat yayılıb.
Milli.Az "Yeni Sabah"a istinadən xəbər verir ki, Ezmeci hazırda televiziya fəaliyyətinə qısa fasilə versə də, "YouTube" layihələri vasitəsilə izləyiciləri ilə əlaqəsini davam etdirir.
Məlumata görə, aparıcı yeni televiziya layihələri ilə bağlı bir sıra kanallarla danışıqlar aparır. İddialara əsasən, onu layihələrinə cəlb etmək istəyənlər arasında Azərbaycandan olan təklif də var.
Təklifin yerli televiziya kanallarından birinə aid olduğu bildirilir. Bəzi mənbələr bu kanalın ARB TV ola biləcəyini iddia edir.
Yayılan məlumatlara görə, Ezmeciyə təqdim edilən layihə ötən mövsüm yayımdan çıxarılan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinin formatına yaxın ola bilər.
Qeyd edək ki, Esra Ezmeci psixologiya mövzusunda hazırladığı televiziya proqramları və sosial şəbəkələrdəki paylaşımları ilə geniş izləyici auditoriyası qazanıb.
Onun Azərbaycanda fəaliyyət göstərəcəyi ilə bağlı məlumat isə hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)