Dövlət İmtahan Mərkəzi (DİM) 5 iyul 2026-cı ildə keçirilmiş II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən Milli.Az-a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər nəticələri ilə yanaşı, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, eləcə də açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Nəticələri mobil operatorlar vasitəsilə öyrənmək də mümkündür. Bunun üçün abituriyentlər buraxılış vərəqəsində göstərilən kodu Azercell, Bakcell və Nar nömrələrindən 7727 nömrəsinə göndərməlidirlər.
İmtahanda iştirak üçün ərizə təsdiqləyən 41 623 abituriyentdən 40 mindən çoxu iştirak edib. Onlardan 16 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.
II ixtisas qrupu üzrə ən yüksək nəticəni birinci mərhələdə 400 bal toplayan Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu göstərib. İki mərhələnin yekununa görə isə ən yüksək nəticə 690 bal toplayan Sumqayıt şəhər 35 saylı orta məktəbin məzunu Kərimov Zamin Ramin oğluna məxsus olub.
III ixtisas qrupu üzrə isə birinci mərhələdə maksimum nəticə göstərən 3 abituriyent olub. Bunlar Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Məmmədzadə Əli Musa oğlu, Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Məmmədova Aydan İxtiyar qızı və Abşeron rayonu Saray qəsəbə 1 saylı məktəbin məzunu Mənsimli Orxan Zaur oğludur.
İki mərhələnin cəminə əsasən III qrup üzrə ən yüksək nəticəni 689,6 bal toplayan Məmmədzadə Əli Musa oğlu əldə edib.
DİM həmçinin bildirib ki, imtahan nəticələri ilə bağlı müraciətlər üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Abituriyentlər iyulun 20-si saat 10:00-dan iyulun 22-si saat 17:00-dək elektron ərizə vasitəsilə müraciət edə bilərlər. Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslərin sonradan apellyasiya müraciəti qəbul edilməyəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)