ABŞ-nin İllinoys ştatında baş verən qətliam ölkədə böyük səs-küyə səbəb olub.
Milli.Az xəbər verir ki, 15 yaşlı qız və onun 16 yaşlı sevgilisi beş nəfərin ölümü ilə nəticələnən ağır cinayətdə şübhəli bilinirlər.
İstintaq materiallarına görə, ailədaxili problemlər yaşayan yeniyetmə bir müddət əvvəl evdən qaçıb və onun itkin düşməsi barədə polisə məlumat verilib. Daha sonra qızın evə qayıtdıqdan sonra sevgilisi ilə birlikdə yaxın qohumlarına qarşı hücum həyata keçirdiyi iddia olunur.

Hadisə nəticəsində qızın nənəsi, xalası, iki ögey bacı-qardaşı və əmisi oğlu həyatını itirib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cinayət müxtəlif məkanlarda törədilib.
Polis tərəfindən saxlanılan hər iki yeniyetmə barəsində araşdırma aparılır. 16 yaşlı oğlan qətl və qətl cəhdində ittiham olunur. 15 yaşlı qızın işi isə hazırda yetkinlik yaşına çatmayanlar üzrə məhkəmədə araşdırılır. Prokurorluq onun böyüklər üçün nəzərdə tutulan məhkəmədə mühakimə olunmasını tələb edir.
Faktla bağlı istintaq davam edir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)