Dünya neft bazarında qiymətlərdə artım davam edir. Azərbaycanın "Azeri Light" markalı nefti də bahalaşıb.
Neft bazarındakı mənbənin verdiyi məlumata görə, İtaliyanın Auqusta limanında CIF bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,99 ABŞ dolları (2,29 faiz) artaraq 88,82 ABŞ dollarına yüksəlib.
Türkiyənin Ceyhan limanında FOB bazasında isə "Azeri Light"ın bir bareli 1,78 dollar (2,14 faiz) bahalaşaraq 84,96 ABŞ dolları olub.
Eyni zamanda, "URALS" markalı xam neftin qiyməti 0,96 dollar (1,88 faiz) artaraq 52,14 ABŞ dollarına, "Dated Brent" markalı neft isə 0,66 dollar (0,8 faiz) bahalaşaraq 82,88 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Bakıda keçirilən OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclasında çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan son on ilə yaxın müddətdə OPEC+ çərçivəsində qlobal neft bazarında tələb və təklif arasında tarazlığın qorunmasına, eləcə də bazarın sabitliyinə fəal töhfə verir.
Nazirin sözlərinə görə, Azərbaycan üçün energetika təkcə iqtisadi inkişafın deyil, həm də etibarlı tərəfdaşlıq və qarşılıqlı etimadın göstəricisidir.
OPEC-in baş katibi Haysam Əl-Qays isə bildirib ki, OPEC+ 2026-cı ildə fəaliyyətinin 10 illiyini qeyd edəcək və Azərbaycan bu müddət ərzində alyansın fəal və dəyərli iştirakçılarından biri olub.
Baş katib qeyd edib ki, təşkilat qərarlarını bazar məlumatları və fundamental təhlillər əsasında qəbul edir, əsas məqsəd isə qiymətləri proqnozlaşdırmaq deyil, tələb və təklif arasında balansı qorumaqdır.
Əl-Qaysın sözlərinə görə, OPEC-in yenilənmiş "World Oil Outlook" hesabatına əsasən, neft 2050-ci ilə qədər qlobal enerji balansında dominant mövqeyini qoruyacaq və enerji istehlakının təxminən 30 faizini təşkil edəcək. Neft və qaz birlikdə isə dünya enerji tələbatının 55 faizini təmin edəcək.
O əlavə edib ki, neft sənayesinin dayanıqlı inkişafı üçün 2050-ci ilədək təxminən 18 trilyon ABŞ dolları investisiyaya ehtiyac var və bunun üçün bazarda sabitlik əsas şərtlərdən biridir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)