Braziliya futbolunun əfsanəsi Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi forma hərracda 4,88 milyon dollara satılıb.
Bu barədə "Sotheby's" hərrac evi məlumat yayıb.
Pele həmin final qarşılaşmasında iki qola imza ataraq Braziliyanın İsveç üzərində 5:2 hesablı qələbəsində həlledici rol oynamış və komandasına tarixində ilk dünya çempionluğunu qazandırmışdı.
Əfsanəvi futbolçu finalda qol vurarkən 17 yaş 249 günlük idi və bu göstərici ilə dünya çempionatları tarixinin ən gənc qol müəllifi rekordunu bu günə qədər qoruyur. Pele, həmçinin karyerası ərzində üç dəfə dünya çempionu olan yeganə futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, futbol formaları arasında ən bahalı satış rekordu 9,3 milyon dollar təşkil edir. Bu məbləğ 2022-ci ildə Dieqo Maradonanın 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı geyindiyi formaya ödənilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)