Quzu əti niyə fərqli qiymətlərə satılır? (Video)

17 İyul 2026 00:51

Bazarlarda satılan quzu ətinin qiymətlərində fərq müşahidə olunur.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, çəkisi 17-20 kiloqram olan quzuların əti 20-21 manata satıldığı halda, 10-12 kiloqramlıq əmlik quzuların qiyməti 23-25 manata qədər yüksəlir.

Satıcılar bildirirlər ki, qiymət quzunun çəkisinə, növünə və alış qiymətinə görə formalaşır. Qəssabların sözlərinə görə, əmlik quzular daha az tapıldığı üçün onları əsasən sifarişlə gətirib kəsir və satırlar. Satıcılar onu da qeyd edirlər ki, əmlik quzu əti iriçəkili quzu ətinə nisbətən daha yumşaq və fərqli dada malikdir.

Qiymət artımı alıcıların seçimlərinə də təsir edib. Vətəndaşlar bildirirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az ət almaq mümkün olur. Xüsusilə əmlik quzu əti artıq hər büdcəyə uyğun məhsul sayılmır.

Qeyd edək ki, son aylarda ölkəyə ət idxalının artması bazarda təklifin azalmasının qarşısını alan əsas amillərdən biridir. Əks halda, xüsusilə yerli istehsaldan asılı olan quzu ətinin qiymətinin daha da yüksək olması istisna edilmirdi.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)