2026-cı ilin birinci yarımilində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə ümumilikdə 6909 cinayət hadisəsi qeydə alınıb, onların 93,2 faizinin açılması təmin edilib.
Milli.Az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, Bakı şəhərinin daxili işlər orqanları ilə qarşılıqlı əməkdaşlıq nəticəsində hesabat dövründə paytaxtda törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin olunub.
Məlumata görə, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 70-i məhkəməyə göndərilib.
Daxili işlər orqanlarının istintaq qurumları isə 3148 cinayət işinin istintaqını başa çatdıraraq, 2338 işi baxılması üçün məhkəmələrə göndərib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)