Cənubi Koreya hakimiyyəti 14 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmasının qadağan edilməsini nəzərdən keçirir.
Milli.Az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Kütləvi Kommunikasiya və Rabitə Komissiyasının sədri Kim Con Çhol açıqlama verib.
O bildirib ki, 14 yaşadək uşaqların sosial platformalarda hesab açmasına məhdudiyyət qoyulması, həmçinin 14-19 yaş arası yeniyetmələri sosial şəbəkələrdən həddindən artıq istifadəyə təşviq edən alqoritmlərin təsirinin azaldılması müzakirə olunur.
Kim Con Çhol qeyd edib ki, parlamentdə yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsi ilə bağlı təxminən yeddi qanun layihəsi təqdim edilib.
Komissiya sədri bu məsələyə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb və daha əvvəl onlayn oyunlarla bağlı tətbiq olunan məhdudiyyətləri xatırladıb.
Belə ki, 2011-ci ildə Cənubi Koreyada 16 yaşadək şəxslərin gecə saat 00:00-dan 06:00-dək onlayn oyunlara daxil olmasını qadağan edən qanun qəbul edilmişdi. Lakin bu qayda oyun sənayesinə mənfi təsir göstərdiyi və əsas hüquqları məhdudlaşdırdığı əsas gətirilərək 2022-ci ilin yanvarında ləğv olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)