Benqal körfəzində Rohinca qaçqınlarını daşıyan iki gəminin qəzaya uğraması nəticəsində azı 500 nəfərin həlak olduğu ehtimal edilir.
"The Times of India"nın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına istinadən yaydığı xəbərə görə, göyərtəsində ümumilikdə təxminən 530 qaçqının olduğu iki gəmi iyunun sonunda Myanmanın Rakxayn ştatından yola çıxıb.
Bildirilib ki, gəmilər iyulun əvvəlində Banqladeş istiqamətində hərəkət edərkən hələlik dəqiqləşdirilməmiş şəraitdə, ehtimal ki, əlverişsiz hava şəraiti səbəbindən toqquşaraq batıb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının aparılmadığı qeyd olunub.
UNHCR-in məlumatına əsasən, 2025-ci ildə 6,5 mindən çox rohinca qaçqını dəniz yolu ilə Myanmadan Banqladeşə keçməyə cəhd edib. Onlardan təxminən 900 nəfər ölüb və ya itkin düşüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)