Uorren Baffet: "Heç kimin nə vaxt öləcəyi bəlli deyil, bütün sərvətim 2034-cü ilə qədər bağışlanacaq"

16 İyul 2026 04:04

Dünyanın ən zəngin 10 adamından biri olan Uorren Baffet ölümün zamanının qabaqcadan bilinməyəcəyini vurğulayaraq, 2034-cü ilə qədər qalan bütün sərvətini xeyriyyə məqsədilə bağışlamağı planlaşdırdığını açıqlayıb.

Milli.Az xəbər verir ki, sərvətinin 99 faizdən çoxunu "Berkshire Hathaway" şirkətindəki səhmlərində saxlayan Baffet "Məqsədim təxminən səkkiz il ərzində bütün səhmlərimi əlimdən çıxarmaqdır" deyib. Hazırda Baffetin təxminən 150 milyard dollar dəyərində "Berkshire Hathaway" səhmi olduğu bildirilir.

Baffetin sonuncu bağışı 12 milyon ədəd "Berkshire Hathaway" (B qrupu) səhmindən ibarət olub. Bu səhmlərin 9 milyonu "Susan Thompson Buffett" fonduna, qalan 3 milyon hissəsi isə ailəsinin digər üç xeyriyyə fonduna (Sherwood Foundation, Howard G. Buffett Foundation və NoVo Foundation) köçürülüb.

Baffet qalan səhmlərinin uşaqları - Syuzan, Hovard və Piter Baffet tərəfindən 31 dekabr 2034-cü ilə qədər xeyriyyə təşkilatlarına paylanacağına ümid etdiyini bildirib. Ölümün qabaqcadan bilinməz bir gerçək olduğunu qeyd edən milyarder, əlində qalan 188 min 290 ədəd "A sinfi" və 1162 ədəd "B sinfi" səhmini həmin tarixə qədər sözügedən dörd fonda bağışlayacağını bəyan edib.

Baffet əlavə edib: "Məqsədimiz övladlarımın hər birinin idarə etdiyi üç fonda bağışların hər il artmasını və 'Susan Thompson Buffett' fonduna edilən illik bağışın daha yüksək nisbətdə çoxalmasını təmin etməkdir".

Qeyd edək ki, 60 il çalışdıqdan sonra Uorren Baffet ötən ilin sonunda "Berkshire Hathaway" şirkətinin icraçı direktoru (CEO) vəzifəsini Qreq Abelə təhvil verib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)