Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli.Az xəbər verir ki, nazirliyin məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, yaxın günlərdə ölkənin ayrı-ayrı ərazilərində intensiv yağış, sel, şimşək və güclənən külək müşahidə oluna bilər.
Bildirilib ki, bəzi dağ çaylarında qısamüddətli sel hadisələrinin baş verməsi ehtimalı var.
FHN bu cür hava şəraitində təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayıb.
Nazirlik sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə halla qarşılaşdıqda isə dərhal yüksək ərazilərə çəkilməyi tövsiyə edib.
Həmçinin ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışmamaq, açıq ərazilərdə elektrik xətləri, ildırım ötürücüləri və hündür ağacların yaxınlığında dayanmamaq barədə xəbərdarlıq edilib.
Güclü külək zamanı isə müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmaq tövsiyə olunub.
FHN qeyd edib ki, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda güclü külək zamanı dənizə girmək və kiçikhəcmli gəmilərlə suya çıxmaq təhlükəli hesab olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)